Daha bir idmançımız Avropa birinciliyində medal qazanıb
Azərbaycan idmançısı Malikə Biçekuyeva Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində 2 bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız yaşı 15-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atlet birdən qaldırma hərəkətində 57 kq-ı ram edərək 4-cü olub. O, təkanla qaldırmada daha yaxşı çıxış edib.
İdmançı 71 kq ağırlığı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
Toplam 128 kq (57+71) nəticə göstərən M.Biçekuyeva yekun sıralamada da Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Avropa çempionatında 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı yarışır.
Xatırladaq ki, qitə birinciliyində daha əvvəl 40 kq çəkidə mübarizə aparan Nuray Əbilova gümüş medala yiyələnib.