“De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik” - KAPİTAN

“De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik” - KAPİTAN

“Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu. Matçdan sonra De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik”.

MediaSport.az xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi "İctimai" TV-də yayımlanan “Bol idman” verilişində yığmamızın baş məşqçisi Canni de Byazi ilə aralarındakı gərginlik barədə danışıb. Maksim 66 yaşlı italiyalının Qara Qarayevi yığmaya çağırmamasına da toxunub:

“Fikrimcə, Qaranın çağırılmaması boyla əlaqəli deyil. İndiyədək Eddi də var idi, amma Qara oynayırdı. Nə oldu, Eddi gəldi, deyirsən, Qaranın boyu balacadır?”.

Medvedev milli komandanın sükanı arxasına öz namizədini də açıqlayıb: “Ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi təyin edib, 3-4 il vaxt versinlər. Sadıqov da bu müddətdə komandanı formalaşdırsın. Ondan sonra, görək, necə olacaq”.

AFFA İcraiyyə Komitəsi bu gün keçirəcəyi iclasda federasiya ilə müqaviləsi sentyabrın 30-da başa çatmış Canni de Byazi haqqında qərar verəcək.