"Bu cür turnirdə qazanılacaq hər xal çox önəmlidir" - İlham Yadullayev

"Bu cür turnirdə qazanılacaq hər xal çox önəmlidir" - İlham Yadullayev

"Noyabrın 4-8-i aralığında Qəbələdə yaxşı təlim-məşq toplanışı keçdik. Həm daxili çempionatda çıxış edən, həm də ölkə xaricində oynayan uşaqlar yaxşı formadadırlar".

Mediasport.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Çalışdırıcı Macarıstanla ilk oyun barədə bunları söyləyib:

"Hazırda bütün diqqətimizi Macarıstan yığmasına qarşı keçirəcəyimiz ilk oyuna kökləmişik. Bu matçın üzərində ətraflı təhlil aparmışıq. Macarıstan yığması püşkatma zamanı A səbətindən çıxıb, güclü komandadır. Buna baxmayaraq, komanda olaraq ilk oyunda uğurlu nəticə əldə etmək istəyirik".

O, hər oyuna qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:

"Yunanıstan və Rumıniya komandalarını da təhlil etmişik. Buradakı matçlarını canlı izləməyə, futbolçuları buna uyğun məlumatlandırmağa çalışacağıq. Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Bu cür turnirdə qazanılacaq hər xal çox önəmlidir".

Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alan U-17 noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan, 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.