"Dedilər ki, sənə maaş veririk, özünü qorumursan" - Yığmamızın sabiq üzvü
“Dina”da çıxış etdiyim vaxt təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək, qal, burada oyna. İmtina etdim, çünki Azərbaycan millisində çıxışımı davam etdirmək istəyirdim”.
mediasport.az xəbər verir ki, bu sözləri milli karyerasını 2018-ci ildə başa vurmuş Azərbaycan yığmasının sabiq futzalçısı Vitali Borisov deyib.
Futzal tariximizin ən yaxşılarından sayılan Vitali 2008/2010-cu illərdə Rusiyanın “Dina” klubunda çıxış etdiyi vaxt aldığı təklif barədə danışıb.
40 yaşlı mütəxəssis həmin vaxt “Dina”dan ayrılmasının səbəbini də izah edib: “Dina”ya getdiyim vaxt mənimlə bərabər Serbiya millisinin üzvləri Rayiç və Marko Periç də heyətə cəlb olundular. Mövsüm başa çatdıqdan sonra yeni 2 illik müqavilə bağladım. Daha bir mövsüm oynadıqdan sonra qalmaq istəmədim. Çünki Rusiya çempionatında hər komanda cəmi 3 legioner oynada bilərdi. Həmin ərəfədə yığmada zədələndiyim üçün narazılıq bildirmişdilər. Dedilər ki, sənə maaş veririk, özünü qorumursan. Baxdım ki, söz-söhbət yaranıb, müqaviləni pozmaq qərarına gəldim. Nəticədə 2010-cu ildə “Araz-Naxçıvan”a qayıtdım”.