Dünya çempionatı Azərbaycanda keçiriləcək
Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə Dünya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, bağlanış mərasimində mundialın keçici bayrağı növbəti Dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.
Bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova verib.
2023-cü il mayın 29-dan iyunun 4-dək Bakıdakı təşkil olunacaq Dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcək.
Qvadalaxaradə 8 taekvondoçu ilə təmsil olunan ölkəmiz Cavad Ağayevin (68 kq) bürünc medalı ilə yarışı bir medalla yekunlaşdırıb.
Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun ixtiyarında olan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidrza (63 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanovla (87 kq) yanaşı, Səbuhi Zülfüqarovun rəhbərliyi altında qadınlardan Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) da turniri medalsız başa vurub.