Prezident İlham Əliyev və ailəsi dünya çempionatının açılışında iştirak edir
Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir.
mediasport.az xəbər verir ki, bu dəqiqələrdə davam edən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.