Dünya çempionlarımız Vətəndə böyük coşqu ilə qarşılanıblar
İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında uğurlu nəticə qazanan Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı Vətənə qayıdıblar.
Mediasport.az xəbər verir ki, dünya çempionlarını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, AŞF nümayəndələri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
Rapid və blits yarışlarında müvafiq olaraq, Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. G.Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.
Hər iki şahmatçımız tarixi zəfəri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə həsr etdiklərini deyib. Onlar daha sonra qələbə təəssüratlarını bölüşüblər.
Məhmməd Muradlı: “Təəssüf ki, rapid yarışında bunu bacarmadım. Bundan sonra bütün gücümü toplayaraq, blits növündə mübarizə apardım. Sevindirici haldır ki, proseslər istədiyim kimi getdi. 11 oyundan 9,5 xal toplayaraq bütün rəqiblərimi üstələdim və yekunda dünya çempionu oldum. 8 ildən sonra yenidən dünya çempionu adını qazandım”.
Gövhər Beydullayeva: “Ötən il olduğu kimi, bu il də qızlar və oğlanlar arasında qızıl medal qazanmağı bacardıq. Sevinirəm ki, İtaliyada iki dəfə Dövlət Himnimiz səsləndi. Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm. Bir həftə sonra Böyük Britaniyada "Qrand Svis"də iştirak edəcəyəm. Orada dünyanın ən güclü qadın qrosmeysterləri yarışacaqlar. Həmin turnirdə də yüksək performans göstərmək üçün əlimdən gələni edəcəyəm".