Bursada Azərbaycan və Türkiyə şəhidlərinin fotoşəkilləri sərgilənib
Bursa şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü il dönümü və Türkiyə-Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunan "Beynəlxalq Dostluq Şahmat Turniri" keçirilib.
Mediasport.az xəbər verir ki, turnir Türkiyənin Gənclik və İdman Nazirliyi, Türkiyə Şahmat Federasiyası Bursa şöbəsi, Bursanın Osmanqazı rayon Bələdiyyəsi və idman şöbəsi, Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi (TÜGŞAV) Bursa şöbəsi, eləcə də digərlərinin dəstəyi, “Deneyim” şahmat məktəbinin ev sahibliyi ilə baş tutub.
Tədbirin açılışını edən Türkiyə Şahmat Federasiyasının Bursa təmsilçisi Mehmet Durak çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayıb.
O, layihənin daha da genişlədiləcəyini və tədbirin davamı kimi yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan digər turnirlərə bütün Türk dünyası ölkələrinin nümayəndələrinin də cəlb ediləcəyini deyib.
Bursada fəaliyyət göstərən "Gələcəyin İnsanları və İmkanları Məkanı "Azərbaycan Deyincə" Dərnəyinin (GİM AZDER) sədri Hüseyn Vəliyev tədbirin təşkilində dəstək göstərənlərə təşəkkürünü ifadə edərək şahmatın insan zehninə faydaları barədə dünya üzrə məşhur şəxsiyyətlərin kəlamlarından sitatlar gətirib.
Turnirdə Bursada yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən mühəndislər, müəllimlər, məktəb şagirdləri və Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Dostluq yarışına ümumilikdə 16 azərbaycanlı və 16 türkiyəli şahmat həvəskarları qatılıb.
Qalibi birlik, dostluq və qardaşlıq olan bu turnirin yekununda, bütün iştirakçılara Türkiyə Şahmat Federasiyasının xatirə medalları, komanda kapitanlarına isə əlavə olaraq Xatirə Kubokları təqdim edilib.
Turnir əsnasında Azərbaycan və Türkiyənin qəhrəman şəhidlərinin fotoşəkilləri sərgilənib.