Estoniya yığmasının baş məşqçisi: "Şanslarımızdan yararlana bilmədik"

Estoniya yığmasının baş məşqçisi: "Şanslarımızdan yararlana bilmədik"

Futbol üzrə Estoniya milli komandasının baş məşqçisi Tomas Haberli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda baş tutmuş Azərbaycanla görüş haqda fikirlərini bölüşüb.

MediaSport.az saytının mətbuat konfransında iştirak etmiş əməkdaşı xəbər verir ki, isveçrəli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmada hesabıın ədalətli olduğunu deyib.

Heç-heçədən razısız?

- İkinci hissəyə baxsaq, yaxşı qurtardıq. Amma ilk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik. Ümumilikdə qarşılıqlı hücumlar oldu.

Sizcə, ikinci hissə niyə çətin oldu?

- Rəqib hesabda geridə idi, nəsə etmək istəyirdilər. Azərbaycanın ikinci yarıda qapımıza daha çox gələcəyini gözləyirdik. Rəqib yaxşı komandadır. Ümumi götürəndə ilk hissədəki oyunumuzdan razı qaldım. Şanslarımızdan yararlana bilmədik.

İki hücumçu ilə başlamışdız, sonradan bir hücumçuya keçdiz.

- Belə qərar vermişdik ki, iki hücumçu ilə başlayaq, sonradan belə keçid edək. Səfərdə oynayırdıq. Buna görə də sonradan dəyişikliyə getdik.

Əvəzetmələrin hamısından istifadə etmədiz? Deyəsən, nəticə sizi qane edirdi.

- Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Azərbaycan millisi ikinci hissədə yaxşı mübarizə apardı. Biz ağıllı oynamalıydıq. Ağıllı dəyişiklik etmək istəyiridik ki, oyuna təsir etməsin. Futbolçular çox qaçdılar, mübarizə apardılar.

Bakıdan bir xalla ayrıldığınız üçün qapıçınıza təşəkkür etməlisiz, sizi məğlubiyyətdən xilas etdi...

- Əlbəttə, qəbul edirəm. Qapıçımız kritik seyvlər etdi.

Sizcə, Estoniyada Azərbaycanı bu oyunla məğlub edə bilərsiz?

- Bərabər oyun olacaq. Azərbaycan millisi İsveçə qarşı oynamışdı. Keyfiyyət hiss olunurdu. Çətin olacaq. İkinci matçda hava bəlkə Azərbaycanla müqayisədə isti ola bilər. Oyunun bərabər keçəcəyini deyə bilərəm.

Qrupda komandalara real baxsaq, əsas hədəfiniz qrup sonuncu olmamaqdır?

- Oyundan oyuna baxırıq. Bakıda qalib gəlmək istəyirdik. Qrupda hansı yeri tutacağımız önəmli deyil. İstənilən halda hədəf ilk iki yerdən birini tutmaq olur. Amma iki oyundan bir xal götürmüşük.