Fərid Qayıbov: "Sevindirici haldır ki, bu yarış ənənə halını alır"
Gənclər və idman naziri Fərid Qayıbov "Birlikdə üzək" yarışının açılış mərasimindən sonra açıqlama verib.
Mediasport.az xəbər verir ki, nazir bölgələrdə üzgüçülüyə marağın artdığını bildirib:
"Sevindirici haldır ki, bu yarış ənənə halını alır və ikinci ildir keçirilir. Budəfəki yarışa Türkiyə və Özbəkistan komandaları da qatıldılar. Dövlətimizin dəstəyi, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyanın əməyi sayəsində bu idman növü inkişaf etməkdədir. Bu, illər ərzində görülən işlərin nəticəsidir".
Qayıbov üzgüçülüklə bağlı bölgələrdə təşkil edilən layihədən də söz açıb:
"Bölgələrdə təşkil etdiyimiz "Birlikdə üzməyi öyrənək" adlı layihəmiz var. Uşaqlara 4 həftəlik proqram keçirik. Bunun sayəsində övladlarımız üzgüçülüyün sirlərini öyrənirlər. Hətta bəzən müxtəlif yaş qruplarından olan insanlara da rast gəlirik. Üzgüçülüyə marağın artması sevindirici haldır. Mən hamını bu idman növünə dəvət edirəm. Həqiqətən də, idman sağlamlıqdır".