"Final istədiyim kimi alınmadı" - Azərbaycanın Olimpiya ikincisi
Mediasport.az Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun (58 kq) təəsüratlarını təqdim edir.
- "Təəssüf ki, final istədiyim kimi alınmadı. Nə deyə bilərəm?.. Bütün döyüşlər əla keçdi. Ən yaxşı idman formamda idim. Amma qızıl medal qazanmağa zədə mane oldu. Çox çalışdım. Gümüş medalı ailəmə, xüsusilə həyat yoldaşıma həsr edirəm. Biz ikinci övlad gözləyirik. Məni dəstəkləyən Azərbaycan xalqına təşəkkür edirəm".
İlk təəssüratların necədir?
- Arenada mənə əla dəstək var idi. Azərbaycan bayrağını görəndə daha da ruhlanırdım. Gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəhbərliyi burada idi. Onlara "çox sağ ol" deyirəm. Azərbaycan Prezidenti İlham Əliyevə ölkədə idmanın inkişafına görə təşəkkür edirəm. Çoxlu olimpiya idman kompleksləri, bazaları yaradılıb, yüksək səviyyədə hazırlıq üçün hər cür imkan var. İldən-ilə ölkədə idman daha da güclənir. Artıq 10 ildir ki, Azərbaycandayam və bu inkişafı görürəm.
Zədəyə görə finalda məğlub oldun - sevinc hissi çoxdur, yoxsa təəssüf?
- Finaldakı rəqibimlə bir az əvvəl Prezident Kubokunda qarşılaşmışdım və qələbə qazanmışdım. Burada özümü əla hiss edirdim. Finala kimi döyüşlərimi hamı gördü. Mən inanılmaz hazır idim. Düşünürdüm ki, finalda şou göstərib Azərbaycana qızıl medalla qayıdacam. Amma belə alındı. Demək, qismətdə gümüş imiş.
Zədən ciddidir?
- Baş həkim zədəni yoxladı. Ola bilər ki, ayağımda sınıq var. Buradan birbaşa klinikaya gedib müayinə olunacağam.
Cüdoçular "Los-Anceles-2028"ə titullarını qorumaq ümün gedəcəklərini deyiblər. Sən nə düşünürsən?
- Əlbəttə, qızıl medal hədəfim var. Uşaqlıqdan Olimpiadaya yollanmaq arzum idi. Kiçik yaşlarımda idmanla məşğul olarkən bu yarışı izləyərkən qeyri-adi hisslər keçirirdim. Bu arzumu həyata keçirmək mənə qismət oldu. Gümüşlə fəxr edirəm. Gəncəm, hələ qarşıda böyük uğurlar qazanmaq şansım var. Los-Ancelesdə bu, mümkündür.
Sonda rəqib idmançı sənə arxadan zərbə vurdu...
- Bu idmandır, belə hallara rast gəlmək mümkündür. Koreyalı idmançı da qələbə qazanmaq istəyirdi. O, bütün variantlardan istifadə edirdi. Əlbəttə, mənə zədə yetirmək istəmirdi. Belə alındı. Sadəcə, idman mübarizəsi zamanı arxadan zərbə vurdu. Ciddi bir şey deyil. Buna görə inciklik də yoxdur. Sonda mənə yaxınlaşıb zədəyə görə üzrxahlıq etdi.