Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarını 30-cu pillədə tamamladı

Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarını 30-cu pillədə tamamladı

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, "Stad De Frans" stadionunda baş tutan bağlanış mərasimində ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax səhnə alıb və o, Olimpiya bayrağını ABŞ-nin Los Anceles şəhərinin meri Karen Basa təqdim edib.

Paradda Azərbaycan bayrağını olimpiadada gümüş medal qazanan taekvondoçu Qaşim Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının heyətində 5-ci yeri tutan Zeynəb Hümmətova daşıyıb.

Xatırladaq ki, iyulun 26-da start götürmüş 4-illiyin zirvə yarışında Azərbaycan 48 idmançı ilə təmsil olunub.

Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.

Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçumuz Qaşim Maqomedov (58 kq), boksçumuz Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.

Komandamız yekun sıralamada olimpiadanı 30-31-ci pillələrdə başa vurub. Xorvatiya ilə eyni pillələri bölüşən Azərbaycan tarixinin ən yaxşı göstəricisinə imza atıb.

30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub.

Bunadək ən yaxşı nəticə London-2012 Yay Olimpiya Oyunlarında qeydə alınmışdı - 32-ci yer.