Final oyunlarının vaxtı açıqlandı

Final oyunlarının vaxtı açıqlandı

Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtı bəlli olub.

mediasport.az xəbər verir ki, sabah kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları baş tutacaq.

Çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” komandaları saat 16:00-da, üçüncülük uğrunda mübarizə aparan “Neftçi” və MOİK isə iki saat sonra meydana çıxacaqlar. Birincilərin ilk qarşılaşmasında “Murov” 3:1, ikincilərdə isə “Neftçi” 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.

Qadın voleybolçuların növbəti üçüncülük uğrunda və final matçları aprelin 14-də keçiriləcək. İlk olaraq “Abşeron” və “Azərreyl” çempionluq yolunda yarışacaqlar. Görüş saat 15:00-da start götürəcək. Ardınca bürünc mükafatçını müəyyənləşdirməyə çalışan UNEC və “Murov” kollektivləri (17:00) meydana çıxacaqlar. Bu komandaların ilk dueli bu gün baş tutacaq.

Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə, dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.