Hacı Əliyevin 4-cü, Əliabbas Rzazadənin ilk Avropa çempionluğu
Azərbaycan yığmasının sərbəst güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 1 gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, milli komandanın lideri Hacı Əliyev 5-ci dəfə çıxdığı finalda 4-cü çempionluğunu qazanaraq Azərbaycan güləşinin tarixinə düşüb.
Ondan başqa, 57 kq-da mübarizə aparan gənclər arasında dünya çempionumuz Əliabbas Rzazadə də bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını rəsmiləşdirib.
Digər finalçımız - 97 kq-da yarışan milliləşdirilən dağıstanlı Maqomedxan Maqomedov həlledici dueldə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bürünc medal qazanmaq şansı olan Əli Rəhimzadə (65 kq) uduzubsa, Səbuhi Əmiraslanov (79 kq) zədə səbəbindən tatami üzərinə çıxmayıb.
Ötən gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) final görüşünü bu gün keçirəcək. O, həlledici qarşılaşmada Feyzulla Aktürklə (Türkiyə) üz-üzə gələcək. Cəbrayıl Qadjiyev (74 kq) və Abubakr Abakarov (86 kq) təsəlliverici, Georgi Meşvildişvili (125 kq) isə bürünc medal görüşünə qatılacaqlar.