"Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”
Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Aleksandr Tarakanov Bakıda ilk dəfə keçiriləcək Dünya Kuboku haqqında fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, mütəxəssis güləşçilərimizin yaxşı formada və yarışa hazır olduqlarını deyib.
- Hamısı yarışa hazırdır. Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir. İdmançılar Dünya Kubokunun nə qədər önəmli yarış olduğunu başa düşürlər. Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıb. İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır. Uşaqlar kimlərlə mübarizə aparacaqlarını yaxşı bilirlər.
Baş məşqçi Azərbaycanın ev sahibi olması amilinin onların xeyrinə işləyəcəyini bildirib: “Bu, bizə kömək edəcək. Avropa və Dünya çempionatında da yaxşı çıxış etdik. İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.