"Deyir futbol oynamırsınız, mən də zarafatca dedim bəs nə oynayırıq?"

"Deyir futbol oynamırsınız, mən də zarafatca dedim bəs nə oynayırıq?"

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turunun "Neftçi" ilə oyunundan sonra (2:2) mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı öncə oyunla bağlı fikirlərini bölüşüb:

"Bu gün bayramdır. Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəlincə, xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Dörd dəqiqəyə niyə iki qol buraxdız?

- Sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. "Neftçi"nin futbolçusunun ustalığı idi. İkinci qolda ofsayd xətti çəkmək bəlkə də çətin idi. İki qolun arasında bizim də epizodumuz oldu. Bir anlıq mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la matçda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan beş dəqiqəni çıxmaqla razı qaldım.

Komandanız əla refleks göstərdi. Fasilədə təlimatınız nə idi?

- Beş dəqiqəyə görə uşaqları tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. İkinci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız var idi. Bu gün rəqib "Neftçi"dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. "Neftçi"nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq? (gülür). Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq.