Hidayət Heydərov: "İndi istədiyim yerdə rahat şəkildə gəzə bilmirəm"
“Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olub tarix yazmaq doğrudan da möhtəşəm hissdir. Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi. Hisslərimi sözlərlə ifadə etmək çətindir. Məşhur olmaq möhtəşəmdir. Çölə çıxanda hər kəs məni tanıyır. Lakin bunun bir çox mənfi tərəfləri var".
Mediasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına müsahibəsində deyib.
İdmançı bu müddət ərzində həyatında baş verən dəyişikliklərdən bəhs edib:
“Çünki əvvəlki həyatımdan fərqli olaraq indi istədiyim yerdə rahat şəkildə gəzə bilmirəm. Bu amil həyatımı çətinləşdirir. Bunlara baxmayaraq, əla hisslərdir.
Parisdən qayıdanda bir çox insan məni qarşılamaq üçün hava limanına gəlmişdi. Yaxşı yadımdadır ki, onlar arasında mənimlə şəkil çəkdirmək istəyən balaca oğlan uşağı var idi. Amma çox sıxlıq olduğu üçün bunu bacara bilmədi. O, anası ilə birlikdə gəlmişdi.
Avtomobildə əyləşən zaman uşağın mənimlə şəkil çəkdirə bilmədiyi üçün hönkür-hönkür ağladığını gördüm.
Dərhal avtomobildən enib onunla şəkil çəkdirdim. Bu anları çox yaxşı xatırlayıram”.
Xatırladaq ki, Hidayət Heydərov Paris olimpiadasında çempion adını 73 kq çəki dərəcəsində qazanıb.