İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb
AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.
Mediasport.az xəbər verir ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqları üçün liqalardan çıxarılıblar.
“Xətai” son olaraq “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi “Qoşqar”ın isə “Gəncəvi” ilə matçda meydana buraxmaya yetərli sayda futbolçusu olmayıb.
Bundan başqa, daha iki komanda texniki məğlubiyyət alıb.
U-10 Liqasında keçirilməli olan “Binə” - “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda isə “Şəmkir” Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, “Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.