İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin rəhbərini qəbul etdi

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxı qəbul edib.

mediasport.az xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirdi, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini dedi.

Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Söhbət zamanı çoxlu sayda ölkəni təmsil edən idmançıların iştirak etdikləri taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunulub.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edildi, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulanıb.

Söhbət zamanı ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıldı, Azərbaycanın dünya əhəmiyyətli çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirildi, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olunub.

Tomas Bax 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarını məmnunluqla xatırladaraq qeyd etdi ki, o, hələ də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Oyunların açılış mərasiminin xoş təəssüratları altındadır.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti dövlətimizin başçısına Olimpiya Evi Mükafatını təqdim etdi. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.