Yusuf hicablı anası ilə şəklinə təhqir yazanlara cavab verdi
Paris-2024 Yay Olimpiya Oyunlarının atıcılıq yarışlarında gümüş medal qazanan türkiyəli Yusuf Dikeç hicablı anası ilə paylaşdığı şəklini təhqir edənlərə cavab verib.
Mediasport.az xəbər verir ki, 51 yaşlı idmançı yerli mətbuata açıqlamasında belə şeylərə fikir vermədiyini deyib:
“Hər zaman bunu deyirəm: Allah ana sevgisini, vətən sevgisini bu ölkənin gənclərinin qəlbindən əskik etməsin. Çünki anasından utanan ölkəsindən də utanar. Anasını sevməyən vətənini sevə bilməz.
Mustafa Kamal Atatürkün anası Zübeyde ananın fotosuna baxsınlar. O şəkillə bunun arasında nə fərq görürlər? Mən belə şeylərə fikir vermirəm. Bizim görməli olduğumuz çox iş var, amma bu cür zehniyyətə təslim olmayacağıq. Ölkəmiz daha yaxşı şeylərə nail olacaq”.
Xatırladaq ki, olimpiadada əli cibində atış icra etməklə 2-ci yeri tutan Dikeç yarış zamanı dik duruşu ilə dünya gündəminə düşmüşdü.