"İnam hissi ilə "biz də burdayıq" dedik" - "Lənkəran"ın legioneri

  "İnam hissi ilə "biz də burdayıq" dedik" - "Lənkəran"ın legioneri

Mediasport.az "Lənkəran"ın amerikalı basketbolçusu Filmon Gebriyhit klubun mətbuat xidmətinə müsahibəsini təqdim edir:

"Sumqayıt”a qarşı oyunda ilk qələbənizi qazandız. Bu, komandadakı abu-havaya necə təsir etdi?

- Komanda olaraq qazandığımız birinci qələbəmiz idi və yeni yaranmağımıza baxmayaraq, inam hissi ilə "biz də burdayıq" dedik.

"Sumqayıt"la oyunda komandanın ən məhsuldar ikinci basketbolçusu oldun. 2 matçdan sonra çıxışından razısan?

- Mövsüm çox uzundur, yaxşı və ya pis keçən bir oyunun əhvalıma təsir etməsinə icazə verməməyə çalışıram. Qələbələrimizi davam etdirmək üçün yaxşı vərdişləri davam etdirməyimiz vacibdir.

Sərbəst atışları maraqlı yerinə yetirmək tərzin var. Atışdan əvvəl mərkəz xəttinə qədər gedib daha sonra atış nöqtəsinə gəlirsən. Nə üçün belə etdiyin maraqlıdır. Bu sənin üçün bir ritualdır?

- Bunu gənc yaşlarımdan bəri edirəm. Müəllimlərimdən biri mənə bu üsulu öyrətdi. Bu, fikirlərimi cəmləmək, dərindən nəfəs almaq və sərbəst atışlara fokuslanmaq üçün fürsət yaradır.

Lənkəranda yaşam necədir? Ən çox nələri sevirsən? Şəhərə alışmısan?

- Lənkəran basketbola həqiqətən fokuslana biləcəyiniz bir yerdir. Ətrafda diqqəti yayındıran şeylər yoxdur və ən çox bunu sevirəm. Buradakı insanlar çox qonaqpərvər və mehribandırlar. İstər şəkil çəkdirmək, istərsə sadə söhbətləri, çox səmimi qarşılayırlar. Burada xoşuma gələn bir yemək də tapmışam, "dönər" adlanır. Bu uzun müddətdir yediyim ən dadlı yeməkdir.

Bakı və Sumqayıtda da olmusan. Bu 3 şəhərdən ən çox hansı xoşuna gəldi və nə üçün?

- Üç şəhəri də sevdim. Amma Bakıda mənzərə və memarlıq həqiqətən heyrətamizdir.

"Quba"ya qarşı səfər matçından gözləntin nədir? İkinci qələbə qazanacağınıza inanırsan?

- "Quba" güclü komandadır və həmin oyuna ciddi yanaşmaq lazımdır. Məşqçinin bizim üçün hazırladığı oyun planına əməl etsək, uğur qazanacağımıza və ikinci qələbəmizi əldə edəcəyimizə inanıram.