"İndi dincəlmək vaxtı deyil"
"Gəncə"nin basketbolçusu Vladislav Frolov klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, cari mövsümün birinci turunun "Lənkəran"la oyunundan söz açıb (90:75):
"Oyun üslubumuz ilk növbədə müdafiəni uğurla təşkil etməkdir. Ona görə də arxa xətdə enerjili və istəklə oynamaq vacib idi ki, bunu nümayiş etdirdik. Hələ oyundan əvvəl bütün basketbolçuların mübarizəyə can atdığı, qələbə qazanmaq istədiyi bəlli idi".
Ukraynalı 2-ci turun "Quba" ilə qarşılaşmasından gözləntilərini bölüşüb:
"Evdə, yeni zalda oynamağı səbirsizliklə gözləyirik, azarkeşlərimizə həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hamının bizi arenada dəstəkləməsini arzulayırıq. Azarkeşlərimiz "13-cü oyunçumuz"dur".
26 yaşlı basketbolçu komandanın hazırlıq səviyyəsini dəyərləndirib:
"Mövsümün ilk oyunları artıq başa çatıb ki, bu da hazırlığı asanlaşdırır. Çünki rəqibin oyununu izləmək və nəticə çıxarmaq olar. Məşqlərimiz həmişəki kimi yüksək tempdə davam edir, indi dincəlmək vaxtı deyil. Səylə hazırlaşmaq lazımdır".
"Gəncə" - "Quba” matçı oktyabrın 27-də saat 14:00-da start götürəcək.