Kəramət Hüseynov Azərbaycan millisinin heyətindən çıxarıldı
25-27 may tarixlərində Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək Azərbaycan cüdoçularının adları məlum olub.
mediasport.az xəbər verir ki, yarışda ölkəmizi 8 kişi, 4 qadın idmançı təmsil edəcək.
Gözlənildiyi kimi, Kəramət Hüseynovla (66 kq) Aydan Vəliyeva (52 kq) ilkin heyətdə yer almayıb. Kişilər arasında Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) qüvvələrini sınayacaqlar.
Qadınların mübarizəsində Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) medal uğrunda yarışacaqlar.
Turnirdə 75 ölkədən cüdoçular mübarizə aparacaqlar.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu DÇ fiaskosundan sonra - ötən həftə keçirilən brifinqdə Kəramət Hüseynovun məşqlərə qatılmadığını, nizam-intizamla bağlı problem yaşadığını bildirmişdi.
Hüseynov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.