Mahir Emreli Almaniya klubunda debütü haqda: "Hamımız məyusuq"
"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı".
Mediasport.az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda ilk matçını keçirən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yazıb.
27 yaşlı forvard sosial şəbəkə hesabında debütü haqda paylaşım edib.
2-ci Bundesliqada "Herta"ya qarşı 6-cı tur oyununun ilk hissəsində meydana çıxan hücumçu məğlub olduqları üçün təəssüfləndiklərini bildirib: "Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".
Xatırladaq ki, "Nürnberq" doğma meydanda paytaxt klubuna 0:2 hesabı ilə uduzub.