"Məqsədimiz qrupdan çıxmaq idi, ona doğru gedirik" - Azərbaycan milli komandasının baş məşqçisi
"Qrupdakı mövqeyimiz çox yaxşıdır. Məqsədimiz Kiprdəki oyundan 3 xalla ayrılıb qrup birincisi olmaqdır. Azərbaycan futbolunda tarix yazmaq istəyirik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
36 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının C Divizionunun qrup mərhələsi çərçivəsində keçiriləcək Kipr və Farer Adalarına qarşı oyunlara hazırlıq barədə danışıb:
"Son iki oyunumuz qalıb. Hər iki matçda qalib gəlməyə çalışacağıq. Hazırlığa Kiprdə start vermişik. Komandada iki itkimiz var. Ağrıları olan Vüsalə Hacıyeva ilə çempionatda dizindən zədə alan Nazlıcan Parlak heyətə qoşula bilmədi. Nazlıcan əməliyyat olunacaq. Ümumən düşərgədə ab-hava qaydasındadır. Komandaya çağırılan futbolçular əllərindən gələni etməyə hazırdırlar. Məqsədimiz qrupdan çıxmaq idi, ona doğru gedirik".
Eyni zamanda Türkiyə Superliqasının iddialılarından "Fomget"i də çalışdıran mütəxəssis liqada "Qalatasaray"dan aldığı mövsümün ilk məğlubiyyəti barədə bunları qeyd edib:
"Son oyunda 1:2 uduzduq. Qapımıza ilk qolu da məhz millimizin futbolçusu Kristina Bakarandze vurdu. Futbol səhvləri sevmir. Kristina bu səhvlərdən anında yararlanan biləcək oyunçudur. O, öz ustalığını göstərdi. İndiki halda məqsədimiz milli komanda ilə qrupdan lider kimi çıxmaqdır. Sonra kluba qayıdıb işimizi davam etdirəcəyik. Liqada məqsədimiz ötənilki çempionluğu yenidən qazanmaqdır".
Qeyd edək ki, aktivindəki 10 xalla qrup birincisi olan millimiz dekabrın 1-də Kiprin qonağı olacaq, 4 gün sonra Bakıda Farer adaları yığması ilə qarşılaşacaq.
Komandamız səfərdən 1 xalla qayıtsa, tarixində ilk dəfə qrupdan çıxacaq.