"Məqsədimiz qrup birincisi olmaqdır - Tarix yazmağa yaxınıq"
Futbol üzrə Azərbaycan yığma komandası və Türkiyənin Superliqa klubu "Diyarbakır Amedspor"un yarımmüdafiəçisi Jalə Məhsimova Mediasport.az saytının suallarını cavablandırıb.
Əvvəlcə Monteneqro yığması ilə oyun haqqında fikirləriniz maraqlıdır. Rəqib güclü olsa da, böyük hesabla (3:0) qalib gəldiz.
- Rəqib ilk dəqiqələrdən hücuma atılıb qapımızda təhlükə yaratmağa çalışırdı. Biz də çalışdıq ki, onlara boşluq verməyək. Komandamızda bu, yaxşı alındı. Fikrimcə, hesabı ilk hissədə aça bilərdik, bir neçə epizodda real qol şansımız oldu. Fasilədən sonra biz qol vuran kimi Monteneqro futbolçuları həvəsdən düşdülər və əvvəlki oyunlarını göstərə bilmədilər. Fürsətdən istifadə edib üstünlüyümüzü möhkəmləndirdik. Sevinirəm ki, evdə inamlı qələbə qazanaraq xal ehtiyatımızı xeyli yaxşılaşdırdıq.
Komandamız qrupdan ən pis halda ikinci yerlə çıxacaq ki, bu da ümumilikdə Azərbaycan futbolu adına tarixi nəticə olacaq. Bu barədə nə deyə bilərsiz?
- Bəli, biz tarix yazmağa yaxınıq, buna layiqik. Amma əsas məqsədimiz qrupu lider kimi başa vurmaqdır. Potensialımız var, bunu etmək üçün qalan iki görüşdə əlimizdən gələni əsirgəməyəcəyik.
Qrup birincisi olmaq üçün imkanımız var. Farer adaları millisinə səfərdə qalib gəlmisiz. Bakıdakı oyunda futbolçularda hər hansı arxayınlıq yarana bilər?
- Farer adaları heç də zəif komanda deyil, keyfiyyətli futbol oynayırlar. Təbii ki, Bakıda da onlardan 3 xal alacağımıza inanıram. Hər hansı arxayınlıqdan söhbət gedə bilməz. Bütün komanda son iki oyunun ciddiyyətini başa düşür. Qrupda heç nə rəsmiləşmədiyi üçün arxayınlaşmaq olmaz.
Komanda yoldaşlarınız, baş məşqçiniz saytımıza müsahibələrində Azərbaycanda qadın futbolunun yeni mərhələyə qədəm qoyduğunu deyiblər. Siz necə düşünürsüz, uğurlu çıxışlarınız davamlı olacaq?
- İki il əvvəllə müqayisədə, komandamızda oyun cəhətdən çox dəyişikliklər var. Özümüzə inamımız da hər keçən oyun daha çoxalır. Əlbəttə ki, belə olduqda nəticələr getdikcə lap yaxşılaşır. Bu gün əldə etdiyimiz nəticələr, göstərdiyimiz oyun bunu sübut edir. Üzərimizdəki məsuliyyəti yaxşı dərk edirik və bilirik ki, tarix yazmaq imkanımız var. Bu, öz əlimizdədir. Ona görə əlimizdən gələn hər şeyi edəcəyik.
Klubunuzda işləriniz necə gedir, komandanızın hədəfləri nədən ibarətdir?
- İşlərim qaydasındadır, özümü orada çox yaxşı hiss edirəm. Bildiyiniz kimi, Türkiyə Superliqasında mövsüm yeni start götürüb. 8 tur oynanılıb. Komandamız 16 kollektiv arasında hazırda 12-ci pillədə qərarlaşıb. Əlbəttə ki, məqsədsiz deyilik. Hədəfimiz yüksək pillələrdə yer almaqdır.
Türkiyə çempionatında milli komandanızın baş məşqçisinə qarşı oynamaq necə hissdir?
- Futbolda bu cür hallara nadir rast gəlmək olar, maraqlı hisslərdir. Amma bu mövsüm hələ ki, Siyasət müəllimin baş məşqçisi olduğu "Fomget"ə qarşı oynamamışıq.