"İlk iki pillədə qərarlaşmaq üçün əlimizdən gələni edəcəyik"
“Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk iki yerdən birində qərarlaşaq”.
Mediasport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov yığmanın Avropa çempionatının seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.
O, qrupda rəqibimiz olan İsveçrə ilə Macarıstan qadın yığmalarının uzun illərdir inkişaf yolunda olduğunu bildirib:
“Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Qrupdakı digər rəqibimiz Türkiyə yığmasına gəlincə, bu liqada ilk dəfə bir-birimizə rəqib olduq. İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin “Fomget” klubunda çalışdığım üçün futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk iki pillədə qərarlaşaq”.
Qeyd edək ki, 2025-ci ildə İsveçrədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları bu ilin aprel-iyul ayları aralığında baş tutacaq.