MOK rəsmisi Səkinə Vəliyeva beynəlxalq seminara qatılıb
Çexiyanın paytaxtı Praqada 1-ci Milli Olimpiya Komitələri Assosiasiyasının seminarı keçirilib.
Mediasport.az xəbər verir ki, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberg, Çexiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Jiri Kejval və 51 ölkədən 70-ə yaxın marketinq və kommunikasiya direktorlarının iştirak etdiyi seminarda ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva təmsil edib.
Seminar iştirakçıları "Paris-2024" Yay Olimpiya Oyunları öncəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar.
Milli Olimpiya Komitələri Assosiasiyasının 1-ci Rəqəmsal Kommunikasiya seminarında çıxış edən S.Vəliyeva Paris Olimpiadası üçün marketinq və kommunikasiya strategiyasının yaradılması, əsas performans indekatorlarının təyin olunması istiqaməti üzrə fikirlərini bildirib.
Seminarda Azərbaycan Milli Olimpiya Komitəsi ilə yanaşı, Braziliya, Portuqaliya, İtaliya, Çexiya və Yeni Zelandiya Olimpiya komitələrindən olan marketinq və kommunikasiya ekspertləri də digər mövzular ətrafında çıxış edərək Olimpiya Oyunları barədə öz fikirlərini bölüşüblər.