"Hakimlər nə istəyirlər, edirlər - Hamıya eyni gözlə baxılmalıdır"

"Hakimlər nə istəyirlər, edirlər - Hamıya eyni gözlə baxılmalıdır"

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Frayburq"la heç-heçə (1:1) edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib, arından jurnalistlərin suallarını cavablandırıb.

- İstəyimiz çox idi, təəssüf ki, qələbə qazana bilmədik. Ancaq bacarmağımıza az qalmışdı. Bu mövsüm 14 oyunun hamısına toxunmaq istəyirəm. Bütün futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda, böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm. Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik. Qarşıdakı illər üçün böyük təcrübə qazandıq. Ümumən, Azərbaycan futbolu üçün. Futbolçulara təşəkkür edirəm.
Bu gün xeyli əsəbi göründüz. Hakimliklə bağlı nə deyə bilərsiz, idarəçilikdə səhv oldusa, nəticəyə nə qədər təsir etdi?
- Çox qaranlıq bir epizod oldu. Həmin anda ofsayd bəlkə də var idi. Amma buna qədər futbolçumuzun ayağına zərbə vurulmuşdu, izi qalıb. Başa düşmək olmur, ofsayd xəttini niyə göstərmirlər. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, etdi. Daha yaxşı nəticə ola bilərdi.
Belə fikir var ki, Avropa Liqası perspektiv, maddi qazanc baxımından Konfrans Liqasından daha yaxşıdır. Siz necə düşünürsüz?
- Şansımızdan maksimum istifadə etməyə çalışmışıq. Çempionlar Liqasının qrupunu istəyirdik. Sonra Avropa Liqasında davam etməyi düşünürdük. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi, alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Düzdü, nəticə başqa cür oldu, amma düzgün, vicdanla işləmək bizim borcumuzdur və bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyükhesablı məğlubiyyətləri də gözlə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək. Qarşıda görəcəyik.

Komanda oyuna çox yaxşı başlamışdı. Ancaq ilk hissənin ortalarına yaxın rəqib oyunu bərabərləşdirdi və penaltidən qol vurdu. Bu, nə ilə əlaqədar idi?
- Üstünlüyü çox da rəqibə vermədik. Qarşımızdakı komandanı düzgün qiymətləndirməliyik. Baxmalıyıq ki, hansı çempionatdan gəlib, hansı təcrübədədir. Nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. Belə bir şey yoxdur. Qarşımızdakı "Böyük beşlik" liqası komandası idi. Bundesliqada 3-cüdür, yetərincə ciddi rəqibdir. Heç nədən penalti oldu. Bəzi epizodlarda onların gücü istədiyimiz hücumların alınmasına imkan vermədi.
Kevin Medina ilk hissədə də sərt müdaxilələr edirdi, fasilədən sonra qırmızı vərəqə aldı. Ona daha yumşaq oynaması ilə bağlı fikir bildirmişdiz?
- Ümumən hər oyundan əvvəl futbolçulara bu barədə məlumat veririk. Yadlarına salırıq ki, bəzi epizodlarda daha diqqətli, soyuqqanlı olmalıdırlar. Daha da çalışmalıdırlar ki, diqqətli olsunlar. Bu turnirdə sürət tam başqadır. Bəlkə çempionatımızda belə hallar nadirən olur. Sürətli, dinamik oyunlarda belə hallar olur. Dünya futbolunda gördüyümüz təcrübədir. Daha soyuqqanlı ola bilərlər, Oyundan əvvəl aqressiv olmağı tapşırmışdım. Amma həm də diqqətli olmalıyıq. Aqressiyadan razıyam. Bu da gələcək üçün təcrübə oldu.
İki tur əvvəldən Konfrans Liqasının təmin edilməsinin növbəti matçlara təsiri oldu?
- Bilmirəm, nə qədər təsiri oldu. Amma oyunlarımıza baxanda rahatlıq görünmədi. Əksinə, hər iki matçda qələbə qazanmağa çalışdıq. Ola bilər, rəqiblər daha ciddi oldular. Bizim üçün nəticə və oyun baxımından ciddi təsir olmadı.

Elvin