"Neftçi"nin "Qarabağ"dan 25, "Sabah"dan 15 xal geri qalması artıq biabırçılıqdan da o tərəfədir"

"Neftçi"nin "Qarabağ"dan 25, "Sabah"dan 15 xal geri qalması artıq biabırçılıqdan da o tərəfədir"

mediasport.az "Neftçi"nin veteran futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Slaçko Georgiyevskinin sportal.az saytına müsahibəsini təqdim edir:


"Neftçi" "Turan Tovuz"a 0:4 uduzduqdan sonra evdə də "Şamaxı"ya qalib gələ bilmədi. Səncə, komanda niyə belə uğursuz çıxış edir?

- Mən "Neftçi"ni daim izləyirəm. Özü də oyunlardan fraqmentlərə baxmaqla kifayətlənmirəm, elə bütün matçı izləyirəm. "Neftçi"nin "Turan Tovuz"a 0:4 hesablı məğlub olduğu görüşə də baxdım. Sadəcə, biabırçılıqdır. Başqa sözə ehtiyac yoxdur. Üstəgəl, evdə "Şamaxı" ilə bərabərə qaldılar. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanı udmağı bacarmırsansa, çempionluğa necə iddia edə bilərsən?

Problem rəhbərlikdə, baş məşqçidədir, yoxsa futbolçular sanki mübarizə aparmaq istəmir?

- Problem rəhbərlikdə deyil. Bilirsiz niyə? Pul barədə əminəm ki, problem yoxdur. Toplanışa gedirlər, hər cür şəraitləri var, bu sarıdan da problem yaşamırlar. Futbolçu seçimi baxımından da heç bir sıxıntıları yoxdur, heyətdə nə qədər oyunçular var. Problem var, sadəcə günahkarı tapmaq lazımdır. Maraqlıdır, doğrudan da günahkar kimdir?

"Neftçi"dəki futbolçuların səviyyəsinin normal olduğunu söyləmək mümkündür. Razısansa, problem bəs nədədir?

- Bəli, razıyam. "Neftçi"dəki futbolçuların səviyyəsi yaxşıdır. Amma görünən odur ki, onlar daha çox fərdi oyuna üstünlük verirlər. Kollektiv şəkildə oynamırlar. Unutmasınlar, bu tennis deyil, futboldur. Futbol isə kollektiv idman növüdür.

Maraqlı məqam ondan ibarətdir ki, "Neftçi"də uğursuz matçlar və nəticələr bir-birinin ardınca gələn kimi Rumıniya mətbuatı dərhal Laurentsiu Regekampfın xidmətində müxtəlif klubların maraqlı olduğu iddiasını ortaya atır. Əsasən də Rumıniya klubları. Səncə, niyə belədir?

- (gülür). Bilmirəm, bəlkə də Regekampf Rumıniyada ulduzdur. Amma düzünü deyək, onun "Neftçi"də göstərdiyi nəticə heç yaxşı deyil. Təsəvvür edin, "Qarabağ"dan 25, "Sabah"dan 15 xal geridədir. Bu, artıq biabırçılıq da deyil, biabırçılıqdan da keçib, bilmirəm nədir.

"Neftçi"nin mövsümü titulla başa vurmaq üçün bir şansı var, o da ölkə kuboku. Bunu etsələr, nəsə dəyişəcək? Mövsümü xilas etmiş olsalar belə, gələcək üçün oyun və nəticə fərqli olacaq?

- "Neftçi"yə uğurlar arzu edirəm. Komanda finalda qalib gəlməlidir ki, çempionatdakı biabırçılıqdan sonra azarkeşlərin ürəyindəki ağrını azaltsın. Görək də, necə olacaq. 

Bu cür məzmunsuz oyunu ilə "Neftçi"dən avrokuboklarda hansı nəticəni gözləyirsən?

- Mən "Neftçi"dən hər zaman uğurlu nəticələr gözləyirəm. Amma bu mövsümdən sonra...Ümumiyyətlə, bu mövsümdən sonra "Neftçi"dən nə gözləmək olar? 

Səncə, "Neftçi" ölkə kubokunu qazanmasa, Regekampfı postundan uzaqlaşdırmaq lazımdır? Onun əvəzinə sənin namizədin kim olardı ki, komandanı yenidən əvvəlki gücünə, çempionluq mübarizəsinə qaytara bilsin?
- Baş məşqçi barədə qərarları rəhbərlik verir. Posta kimi gətirmək olar? Bunu rəhbərlik daha yaxşı bilər. Sadəcə onu deyə bilərəm ki, baş məşqçi postuna "Neftçi"ni dərk edən birini gətirmək lazımdır. Hansı ki, ürəyi daim bu klubla döyünsün. Allah qoysa, "Neftçi" bir daha bu yerlərdə olmaz. Yoxsa çox üzücüdür. Ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq.