Oğlanlardan ibarət milli qızların "quru hesab"larını davam etdirir
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Cəlil Bəxtiozinin baş məşqçisi olduğu komanda üçüncü görüşündə Latviya ilə qarşılaşıb və növbəti dəfə "quru hesabla" məğlub olub - 0:3 (19:25, 14:25, 17:25).
Voleybolçularımız ilk iki turda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdular.
Azərbaycan millisi dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, bundan əvvəl qızlar arasında keçirilən analoji turnirdə U-18 yığmamız keçirdiyi bütün matçlarda "quru hesabla" yenilmişdi.