"Olimpiadada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq"

"Olimpiadada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq"

Honkonqda təşkil edilən Təsnifat Turnirinin qalibi olaraq "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

Mediasport.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.

Millinin üzvü Dina Ulyanova tarixi uğur barədə təəssüratlarını bölüşüb. O, hər bir idmançının Olimpiadada iştirak etmək arzusunda olduğunu deyib:

"Hər zaman bunu xəyal etmişəm və çalışmışam ki, mötəbər yarışda iştirak edim. Heç vaxt hədəflərim dəyişməyib. Biz də digər komandalar kimi, Parisdə birinci olmaq, fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq. Olimpiadada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq. Arxayınlaşmaq olmaz”.

Qeyd edək ki, Azərbaycan millisi Təsnifat Turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib.

Yığmamız qrupun son matçında Niderlanda uduzsa da, vaxtından əvvəl vəsiqə qazandığı yarımfinalda Macarıstana, finalda isə Polşaya qalib gələrək adını Yay Olimpiya Oyunlarına yazdırıb.

Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında komanda idman növündə təmsil olunacaq.