Olimpiyaçılarımız Fəxri xiyaban və Şəhidlər Xiyabanında olublar
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Mediasport.az xəbər verir ki, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Xatırladaq ki, Azərbaycan iyulun 26-da start götürmüş olimpiadada 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.
Komandamızın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.
Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.