Murad Məmmədov olimpiadaya gözlənilməz məğlubiyyətlə başladı

Murad Məmmədov olimpiadaya gözlənilməz məğlubiyyətlə başladı

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında güləş yarışları start götürüb.

Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 2 pəhləvanı mübarizəyə qoşulub.

Yunan-Roma güləşçilərimizdən ilk olaraq Sabah Şəriəti yarışıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda estoniyalı Heyki Nabi ilə üz-üzə gəlib.

Sabah 1:1 hesabı ilə başa çatan dueldə sonuncu xal prinsipi ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

60 kq-da Murad Məmmədov isə 1/8 finalda gözlənilmədən venesuelalı Rayber Rodriges Oroskoya uduzub - 5:6. Rəqib finala qədər irəliləsə, Muradın medal şansı olacaq.

Ölkəmiz Fransada 11 güləşçi ilə təmsil olunacaq. Onlardan 5-i yunan-Roma, 6-sı sərbəst güləşçilərdir.

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq);

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).

Xatırladaq ki, Azərbaycan olimpiadada indiyədək 3 medalı təmin edib. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar.

Boksçu Alfonso Dominges isə finala çıxdığı üçün minimum 2-ci yeri tutacaq.