"Özümü sığortalamıram, çalışacağıq ki, nəticələrimiz ötənilkindən daha yaxşı olsun"
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Belqradda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yollanmazdan öncə brifinq keçirib.
Mediasport.az xəbər verir ki, mütəxəssis Serbiyaya maksimum nəticə dalınca yollanacaqlarını və bunun üçün lazım olan bütün şəraitin yaradıldığını deyib.
Tarakanov yığma üzvlərinin çox həvəsli olduqlarını bildirib: “Bu dünya çempionatından sonra yenə də lisenziya xarakterli turnirlər təşkil olunacaq. Hazırkı heyətdə uşaqlar çox həvəslidirlər. Özümü sığortalamıram. Ötənilki dünya çempionatındakından daha yaxşı nəticələr göstərməyə çalışacağıq. Bu il Avropa çempionatında yaxşı çıxış etdik. Beş final var idi. Həsrət Cəfərov (67 kq) gəncdir, qızıl medal uğrunda mübarizə aparmağa hazır olduğunu sübuta yetirir. Sənan Süleymanovun (77 kq) iki ciddi zədəsi var idi, hətta o da beynəlxalq yarışa lisenziya qazana bildi. Onlar yaxşı nəticəyə kökləniblər. Heç kim zədədən sığortalanmayıb. Mən ən yaxşı məşqçi olmaq məqsədi güdmürəm. Məqsədim daha çox lisenziya qazanmağa nail olmaqdır. Uşaqlar özlərinə və bizə güvənirlər, doğru yolda olduğumuza inanırlar”.
Baş məşqçi qeyd edib ki, ötənilki DÇ ilə müqayisədə bu dəfə daha yaxşı nəticələr göstərməyə çalışacaqlar: “Biz şahmat oynamırıq. Bəzən elə zədələr olur ki, qabırğamız sınır, əzələlərimiz dartılır. Bunun üçün reabilitasiya dövrü tələb olunur. Heç kim zədədən sığortalanmayıb. Bu iş komanda mübarizəsidir. Medal nə qədər çox olsa, nəticələr bir o qədər yaxşı olar. Uşaqlar buna inanırlar. İnşallah, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, sentyabrın 16-dan 24-dək keçiriləcək mundialda ölkəmizi yunan-Roma güləşində 10 idmançı təmsil edəcək: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq).