"Qarabağ" finala çıxsa, məni xoşbəxt edər" - braziliyalı qapıçı
Portuqaliyanın "Torrense" klubunun qapıçısı Vaqner da Silva "Qarabağ"ın Avropa Liqasındakı çıxışını dəyərləndirib.
MediaSport.az xəbər verir ki, Ağdam klubunun keçmiş qolkiperi əvvəlcə qrup mərhələsinin 3-cü turunun "Olimpiakos"la səfər oyunu barədə fikirlərini bölüşüb.
"Pireydəki oyunu izlədim. Həqiqətən "Qarabağ" çox güclü idi və layiqli qələbə qazandı. Onların "Olimpiakos"u səfərdə məğlub etməsi mənim üçün yeni və təəccüblü xəbər deyil. Çünki "Qarabağ" beynəlxalq arenada çox inkişaf edib. Bu klub Avropa Liqasının növbəti mərhələsinə adlayacaq əsas favoritlərdən biridi".
36 yaşlı təcrübəli Vaqner təmsilçimizin avrokuboklarda irəliləyəcəyini deyib: "Qarabağ" finala çıxsa, çox sevinərəm. Bu komandada potensial var. Turnirdə maksimum irəli getməsini arzulayıram. Avropa Liqasında finala çıxsa, məni xoşbəxt edər. Amma məncə, hələlik onlar həmişəki kimi təvazökarlıqla yoluna davam etməli və hər oyunun final kimi olduğunu düşünməlidirlər. Belə də olduğuna inanıram".