"Qarabağ" üçün "şad" xəbər
Avropa Liqasının "G" qrupunda “Qarabağ”ın rəqibi “Olimpiakos”da "zədə epidemiyası" davam edir. MediaSport.az xəbər verir ki, Pirey klubunun əsas hücumçusu, vitse-kapitan Yusuf Əl-Ərəbi “Atromitos”la oyunda zədəlilər sırasına qoşulub.
Ötən mövsüm 16 qolla komandasının bombardiri olmuş 31 yaşlı mərakeşli forvard fasilədə məcburi əvəzlənib. Yunanıstan mətbuatının iddiasına görə, Əl-Ərəbi oktyabrın 6-da “Qarabağ”la görüşü buraxacaq. O, cari mövsüm Superliqada 6 oyuna 2 qol vurub.
“Olimpiakos”da əsas qapıçı Tomaş Vatslik, hücumçu Hvan Uy Co, müdafiəçilərdən isə Panayotis Retsosla Useyn Ba da təmsilçimizlə matçda meydana çıxa bilməyəcək.