"Bakıya döyüşməyə gedirik, qrupa düşmək istəyirik" - "Qarabağ"ın rəqibi
"Təbii ki, bu üç qələbəyə görə sevinirik. Xüsusilə də sonuncu, çox çətin rəqib üzərində qazanılan dəyərli qələbəni qeyd edərdim"
MediaSport.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Rakuv"un prezidenti Voysex Çıqan deyib.
Polşa çempionunun rəhbəri Bakıda baş tutacaq cavab görüşündən öncə yerli jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, komandası Çempionlar Liqasının qruplarında iştirak etməyə hazır olsa da, onları çətin Bakı səfəri gözləyir.
- Cavab oyunu şübhəsiz ki, asan olmayacaq. Amma indidən uduzacağımızı düşünmürəm. İlk oyunda buraxdığımız səhvləri düzəltmək lazımdır. Biz Bakıya döyüşməyə gedirik, çünki avrokubokların qrup mərhələsinə düşməyi çox istəyirik.
Çıqan Çestoxovada baş tutmuş ilk matçda komandasının əzmkarlıq göstərdiyini vurğulayıb: "Vurduğumuz qolları xüsusi qeyd etmək istəyirəm. İkinci qol rəqibin səhvi ucbatından yarandı. Sonra bizdə nadir hallarda baş verən rahatlıq yaşandı, cəmi bir neçə dəqiqə ərzində üstünlüyü əldən verdik. Çox yaxşı əvəzetmələr etdik, xüsusən də Sonni Kittelin meydana daxil olması sonda bu görüşdə qalib gəlməyimizə şərait yaratdı. İndi isə Bakıya bir top üstünlüyü ilə yollanırıq. Bu, bizim rəqibdən bir qədər yaxşı vəziyyətdə olmağımız deməkdir. Bu üstünlüyü qoruyub saxlamalıyıq".
Klub rəsmisi Ağdam təmsilçisi barədə düşüncələrini belə izah edib: "Qarabağ"ın yüksək intensivliyi var. Bu komandanın zəiflədiyi və əvvəlki illərdəki kimi güclü olmadığı haqda fikirlər eşitmişdik. Amma Azərbaycan çempionu heyət dəyişikliklərinə baxmayaraq, hələ də yaxşı koordinasiyalı, güclü komanda olaraq qalır. Hər il avrokuboklarda çıxış edirlər, çox təhlükəli rəqibdirlər. Bizi Bakıda çətin matç gözləyir. İlk oyunda qələbə qazandığımızı nəzərə alsaq, yəqin ki, stadionda atmosfer, hava çox isti olacaq. Bununla belə, biz yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq. İlk dueldə polşalılar qələbə qazanıblar - 3:2.