Qəzaya düşən PFL rəhbərliyinin səhhəti ilə əlaqəli SON DURUM
Ötən ilin dekabrında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu haqda məlumat verilib.
Bu barədə Mediasport.az saytına danışan PFL-in media və marketinq direktoru Sənan Abdullayev həm Səmədovun, həm də Şahgəldiyevin evə buraxılacağını söyləyib.
Klinika nümayəndəsi PFL rəhbərinin dəstəklə gəzə biləcəyini deyib:
"Elxan Səmədov fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Hazırda vəziyyəti yaxşıdır. Hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün bir neçə gün sonra ayağa qalxa biləcək. Ancaq müəyyən dəstəklə hərəkəti mümkün olacaq".
Aslan Şahgəldiyev isə Ramazan bayramından sonra evə buraxılacaq:
"Aslan Şahgəldiyevin durumu kifayət qədər yaxşıdır. Aprelin 15-dən sonra evə buraxılması planlaşdırılır. Təbii ki, ondan sonra da müayinələr və fizioterapiya prosedurları üçün gələcək".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.