"Qəbələ" akademiyasının keçmiş məşqçisinin cansız cəsədi tapıldı
2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləmiş Uğur Kurtun fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin dağıntıları altında qaldığını xəbər vermişdik.
Təəssüf ki, dağıntılar altından məşqçinin cansız cəsədi tapılıb.
“İskenderunspor”da çalışan və faciə vaxtı klubun məşqçilər üçün nəzərdə tutulmuş inzibatı binasında olan Uğur Kurtun cəsədi çıxarılaraq ailəsinə təhvil verilib.
İskenderun təmsilçisinin digər məşqçisi İbrahim Xəlil Ölməzin cəsədi isə bir neçə gün əvvəl çıxarılıb.
"Qəbələ"nin baş meneceri Nail Kərimov sosial şəbəkə hesabında mütəxəssislə birlikdə olan şəklini paylaşaraq ürək sözlərini qeyd edib:
- 100 il yaşayacağını fikirləşdiyim Uğur hoca 53 yaşını tamamlamadan gözlərini əbədi yumdu. Dağıntılar altında qaldığını öyrəndiyim andan bu günədək bəlkə də, 100 dəfə təzə xəbər almaq ümidilə son klubunun internet səhifəsini yoxlamışam, ortaq tanışlardan soruşmuşam. Onun nə qədər enerjili insan olduğunu bildiyimə görə, sağ olduğu halda dözə biləcəyinə inanırdım. Əslində, zəlzələ olmasaydı, 7 il əvvəlki ayrılıqdan sonra Uğur hoca üçün bu qədər narahat olacağım ağlıma belə gəlməzdi. Amma paylaşmaq üçün telefonun qalereyasından birlikdə çəkdirdiyimiz şəkilləri axtaranda nə qədər xoş və unudulmaz günlər keçirdiyimizi, Uğur hocanın həyatımda xüsusi bir iz buraxdığını gördüm.
Bir ay əvvəl Antalyada görüşdük, dedi ki, daha əvvəlki enerjili Uğur qalmayıb, indi axşam 9-da yatıb, 6-da dururam, pis vərdişlərin hamısını tərgitmişəm, bir sözlə əsl babayam, nəvəmlə nəfəs alıram. İstanbuldakı ailə mühitini, yaxşı işini qoyub niyə İskəndəruna keçdiyini soruşanda, dedi ki, nə qədər sakitləşdiyimi desəm də, adrenalinsiz Uğur çox yaşaya bilməz.
Həmişə yaddaşımda xüsusi yeri olacaq, həmişə bu şəkildə gördüyümüz gənc, enerjili, pozitiv Uğur Kurtu xatırlayacam.