"Qurban Berdıyev və ya Murad Musayev Qafqaz mentalitetini yaxşı anlayır" - AÇIQLAMA

"Qurban Berdıyev və ya Murad Musayev Qafqaz mentalitetini yaxşı anlayır" - AÇIQLAMA

"Maraqlı qrupdur. Rəqiblərin hamısına qalib gəlmişik, ona görə oyunlara qalib gəlmək üçün çıxacağıq. Düşünürəm ki, biz qrupda ən yüksək yeri tutmağa qadirik. Bu mənim şəxsi fikirlərimdir".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Aleksey İsayev deyib.

28 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının püşkatmasını dəyərləndirib, oyunların çətin olacağını bildirib:

"Bəli, çox çətin olacaq. Slovakiya, İsveç çox yaxşı yığmalardır. Bu isə daha da maraq yaradacaq. Rəqib nə qədər güclüdürsə, bir o qədər də oyun maraqlı keçir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

İsayev Azərbaycan millisinin yeni baş məşqçisinin bizim ölkənin mentalitetini bilən olmasını arzuladığını qeyd edib:

"Baş məşqçinin kim olacağı ilə bağlı nəsə deyə bilmərəm. Əlbəttə, istəyirəm ki, millimizi, mentalitetimizi anlayan biri olsun. Bizə kömək etsin ki, istədiyimiz nəticəni əldə edək. Qurban Berdıyev və ya Murad Musayevi nümunə göstərim, onlar Qafqaz mentalitetini yaxşı anlayırlar, bilirlər. Fikrimcə, əcnəbi məşqçilərdən bunlar üçün daha rahat olar. Yerli məşqçilər isə onsuz da bizim futbolumuzu yaxşı bilirlər, tanıyırlar. Kim olur-olsun - əsas odur ölkəmizi və azarkeşləri sevindirə bilək, yaxşı oyun göstərə bilək. Hesab edirəm ki, bu nəsil yaxşı futbol göstərməyə qadirdir".

Qeyd edək ki, yığmamız UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Rövşən ƏLİSOY