"Sabah" tualet, internet və şəbəkə problemini nə vaxt həll edəcək?

"Sabah" tualet, internet və şəbəkə problemini nə vaxt həll edəcək?

Murad Musayevi baş məşqçi postuna gətirən "Sabah" rəhbərliyi, nəhayət, geridə qalan illər ərzində bu istiqamətdə ən doğru seçimini edib. Komandanın göstərdiyi sistemli oyun və hələlik əldə etdiyi nəticələr belə deməyə əsas verir ki, işlər tam qaydasında gedir. Masazırı təmsil edən kollektiv artıq rəsmən iddialıdı və mövsümü medalla başa vuracağı - möcüzə baş verməsə - real və qanunauyğun olacaq. İş varsa, nəticə də özünü çox gözlədə bilməz.

Amma iş varsa, həm də problem, çatışmazlıq var demək. Nədənsə kifayət qədər yüksək büdcəsi olan klub sanki stadiondakı xırda nöqsanları aradan qaldırmaqda maraq göstərmir. Bəlkə də əksər media orqanı ilə reklam əməkdaşlıqları olduğundan, onlara aid problemlərin qabardılmayacağından və ya mətbuatda işıqlandırılmayacağından əmin olduqları üçün belə xırda-həssas məsələlərə qeyri-ciddi yanaşırlar.

Paytaxtın mərkəzindən azca aralıda yerləşən "Bank Respublika Arena" müasir standartlara tam olmasa da, 80-90 faiz cavab verir və orda mətbuat nümayəndələri üçün ayrılmış tribunada adicə internetin olmaması dünənin-bu günün problemi deyil. Ta əzəldən olan çatışmazlığı həll etmək, təbii ki, indiki halda bu klub üçün bir stəkan su içmək qədər asandır, di gəl, bir qədər kobud desək, veclərinə deyil. Təsəvvür edirsiz, oyunu işıqlandırmağa gedən jurnalist ev sahibi komandanın işə başdansovdu, biganə yanaşması səbəbindən qonaq "Zirə"nin gətirdiyi internet modemindən istifadə edir. Nonsens...

Oyunların fasilələrində jurnalistlər üçün ayrılmış otağın birbaşa içində daim anti-sanitar vəziyyətdə ayaqyolunun olması isə, ümumiyyətlə, ən absurd düşüncənin məhsulu kimi qiymətləndirilməlidi. Otağın normal otaq olmaması bir yana, konkret olaraq ucqar kəndlərdəki mal-heyvan damını xatırladır, azca müasir formada deyək. Məhz həmin yerdə jurnalistlərə çay, şirniyyat və.s. verilməsi mövcud şəraitlə qəti uzlaşmır.

Ümumiyyətlə, bu stadionun inşası zamanı ayaqyolu məsələsinin diqqətdən kənar qalması, yaxud unudulması hələ o vaxt UEFA və FİFA-nın diqqətindən qaçmamışdı. Tualet problemi məhz bu qurumlar, həmçinin AFFA tərəfindən ciddi çatışmazlıq kimi qeyd edildiyi üçün burada indiyə qədər milli və klub səviyyəsində 1 rəsmi oyunun keçirilməsinə icazə verilməyib. Halbuki digər kriteriyalara əsaslansaq, hətta ölkədə 3 ən yaxşı stadiondan biridi.

Nəhayət, mətbuat konfransı keçirilən zal: Bu otağa girəndə real həyatla əlaqə tam kəsilir. Mobil telefon şəbəkəsi, ümumiyyətlə, tutmur. Sanki yerin 50 metr dərinliyinə düşürsən. Hətta müasir şaxtalarda belə, şəbəkə olur. "Bank Respublika Arena" isə sanki Afrikanın dərin meşə cəngəlliklərində, yaxud Saxara səhrasının tam ortasında yerləşir. Otaqda quraşdırılmış internet modemi jurnalistlərlə bildiyiniz məzələnir. Şəbəkə maksimum dalğa göstərsə də, qoşulursan, amma internetdən istifadə mümkünsüzdü. Yəni, otağa ilk girən 1-2 nəfər qoşuldusa, vəssalam, qalanlarını geri qaytarın.

Bu sadalananlar böyük problem olmasa da, çox ciddi yanaşılmalı və mütləq həll edilməli çatışmazlıqlardı, nöqsanlardı. Həlli də olduqca asan. Sadəcə, problemə ciddi və peşəkar yanaşmaq lazımdı. İllərdi külli miqdarda maliyyə vəsaiti xərclənən və heç bir nəticə hasil olunmayan, yalnız indi-indi özünü doğrultmaq ərəfəsində olan klub idarəçiliyi strategiyası yalnız komandanın çempionatda medal qazanması, yer tutmasıdısa, biz də işimizi bilək.

mediasport.az