Şəmkirli uşaqların sağlamlığı və gələcəyi ciddi sual altındadır
Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsinin sosial şəbəkə hesabında paylaşılan Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən H.Z.Tağıyev adına orta məktəbin idman zalının görüntüləri ciddi narahatlıq və narazılığa səbəb olub.
İdman zalının bərbad vəziyyətdə olması ilə bağlı Mediasport.az saytına müraciət edən valideynlərdən biri məsələni işıqlandırmağımızı xahiş edib.
Narazı valideynin sözlərinə görə, bu vəziyyətdə olan zalda nəinki idmançı yetişdirmək mümkündür, ümumiyyətlə, uşaqların sağlam qalması ciddi sual doğurur.
Valideynlər zalın təmirsiz və heç bir müasir idman məkanı standartlarına cavab vermədiyini iddia edirlər.
Səhifənin paylaşımından aydın olur ki, adıçəkilən kənd məktəbində Şəmkir rayonu Gənclər və idman idarəsi tərəfindən taekvondo üzrə nümunəvi çıxışlar keçirilib.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Tədbirdə Şəmkir rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov və Şəmkir rayonu üzrə Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Şahlar Bağırov iştirak ediblər.
Tədbirdə iştirak edən Şəmkir rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Əkbər Qasımov keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin idmana olan marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olmaq və taekvondo idman növünün təbliği üçün bu cür tədbirlərin keçirilməsinin vacib oduğunu qeyd edib.
Məşqçi müəllim Şahlar Bağırov qaydalar barədə iştirakçıları məlumatlandırıb, sonda iştirakçılara uğurlar arzu ediblər.Daha sonra yeniyetmə və gənclərin nümunəvi çıxışlarına baxılıb.
Nümunəvi çıxışlarda 30 nəfər idmançı iştirak edib".
Göründüyü kimi, məqsəd guya, yeniyetmə və gənclərin idmana marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olmaq və taekvondo idman növünün təbliğidir...
Tədbirin təşkil edildiyi zal o qədər bərbad durumdadır ki, burada əlavə nəsə yazmağa ehtiyac yoxdur.
Şəkillərin imkanı olsa, dil açıb danışar...