"Son Avropa çempionu bizik, hər halda bu adı qoruyub saxlamalıyıq"
"Çempion olan komandanın qarşısına başqa hədəf qoyacağına inanmıram. Son Avropa çempionu bizik, hər halda bu adı qoruyub saxlamalıyıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında mini-futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.
O, mübarizə aparacaqları F qrupundakı qarşılaşmaların asan keçməyəcəyini söyləyib və digər qruplarla müqayisə aparıb:
"Püşkatmadan sonra rəqiblərimizin kim olduğunu bilirsiniz, yəqin (Fransa, İtaliya və Avstriya). Əslində, Avropa Çempionatında zəif komanda yoxdur. Qrupun bizim üçün rahat olacağını deməzdim. Matçlar çətin olacaq. Bəzi qruplara nisbətən, bizim qrup daha münasibdir. İnanıram ki, qrupdan çıxa bilərik".
Mütəxəssis püşkatma başa çatdıqdan sonra istədikləri rəqiblərlə qarşılaşacaqlarını bildirib:
"Məncə, istədiyimiz rəqiblərlə qarşılaşacağıq. Öncədən dediyim kimi, mənim fikrimcə, bizim qrupumuzdakı rəqiblər daha münasibdir. Daha yaxşı nəticə ilə qrupdan çıxmaq olar. Yaxşı hazırlaşmalıyıq".
2022-ci ilin yayında mini-futbol üzrə Azərbaycan milli komandasını çempion edən Elşad Quliyev favorit hesab etdiyi komandaların adlarını açıqlayıb:
"Favorit komanda olaraq Rumıniya və Çexiyanı görürəm. Hər ikisi yaxşı komandadır. Özümüzü və Qazaxıstanı da favorit komanda saymaq olar. İnanıram ki, bu komandalar ilk dördlüyə düşə bilərlər. Hədəfimiz çempionluqdur. Qrupdan yaxşı nəticə ilə çıxsaq, finala qədər irəliləyə biləcəyik, məncə".