Taekvondoçumuz Avropa çempionu, yığmamız isə 2-ci oldu
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu olub.
Mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Estoniyanın paytaxtı Tallində olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Yarışda daha öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.
Beləliklə, baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi yığma 1 qızıl və 2 gümüş medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Ukrayna qərarlaşdığı halda, “üçlüy”ü Almaniya qapayıb.
Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.
3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.