Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşüb
"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.
Mediasport.az xəbər verir ki, görüş Azərbaycanın Xorvatiyadakı səfirliyində baş tutub.
Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub.
Ağdam təmsilçisinin Xorvatiya səfərində də komandanı tək qoymayan Tahir Gözəl səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib.
Görüş zamanı “Qarabağ”ın uğurları, klubun artıq bir brendə çevrilməsi və bütün dünyanın "köhlən atlar"la, onun tarixi ilə maraqlanması barədə danışılıb.
Anar İmanov "Qarabağ"a uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.
Qeyd edək ki, “Dinamo” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.