Türkiyə yığması üzərində qələbə qolunun müəllifi: "Qrupdan çıxmaq üçün bacardığımızı edəcəyik"
"Oyun çox yaxşı keçdi. Qələbə qazandığımız üçün çox sevinirik. Qalibiyyət qolunu vurduğuma görə də çox xoşbəxtəm".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Nigar Mirzəliyeva deyib.
AVRO-2025-in B Liqasının 1-ci qrupunun seçmə mərhələsi çərçivəsində Türkiyə yığması ilə dünən Bakıda baş tutmuş qarşılaşmada qələbə topunu vuran 22 yaşlı müdafiəçi matç haqda danışıb.
Mirzəliyeva bildirib ki, Türkiyə millisi ilə 3 gün əvvəl səfərdə keçirilən görüşdə də qələbə qazanmaq şansları olub:
"Düşünürəm ki, Türkiyə yığmasına səfərdə də qalib gələ bilərdik. Sadəcə, əlimizə düşən şanslardan yararlana bilmədik. Bir səhv ucbatından məğlub olduq. Bakıya qayıdanda səhvlərimiz üzərində çalışdıq. Öz oyunumuzu və rəqibi analiz etdik. Dünənki oyunda nələri bacardığımızı hər kəsə göstərdik. Ozumə və komandamıza inanırdım ki, biz qalib gələcəyik. Belə də oldu".
Rusiya Premyer Liqasında "Zenit"də çıxış edən Nigar qarşıdakı görüşlər barədə bunları söyləyib:
"Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün çox önəmli olacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bu iki matçda qələbə qazanmaq, yaxud ən azı heç-heç etməklə qrupdan çıxa bilərik. Şansımız böyükdür. Xüsusən macarlardan Bakıda xal ala bilərik. Qrupdan çıxmaq üçün bacardığımızı edəcəyik".
Xatırladaq ki, 4 tura 4 xal toplayan Azərbaycan millisi Macarıstanla 3-4-cü yerləri bölüşdürür.
İsveçrə 9 xalla lider, Türkiyə yığması isə 6 xalla ikincidir.
Tarixində ilk dəfə B Liqasında yarışan komandamız iyulun 12-də Macarıstan seçməsini qəbul edəcək, 4 gün sonra İsveçrənin qonağı olacaq.