"Tənqidlər müəyyən sərhədləri keçmirsə, normal yanaşmalıyıq"

 "Tənqidlər müəyyən sərhədləri keçmirsə,  normal yanaşmalıyıq"

Mediasport.az AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyevin müsahibəsini təqdim edir.

"Bir sıra məsələlər müzakirə olundu. İlk növbədə lisenziyalaşdırma qaydaları ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək. Oktyabrda lisenziyalaşdırma mövsümünün açılış iclası keçiriləcək. Həmin iclasda da sözügedən qaydalarla bağlı lisenziyalaşdırma qrupu ilə bağlı ətraflı məlumat veriləcək.

Həmçinin, İcraiyyə Komitəsinə AFFA-nın yeni strategiyasının yazılması ilə bağlı hazırkı vəziyyətə uyğun olaraq məlumat verildi. Layihə rəhbəri Elçin Məmmədov tərəfindən məlumat verildi.

Növbəti məsələlərdən biri də aşağı yaş qruplarından ibarət yığma komandalara məşqçilərin təyinatı gündəmdə idi. İlk növbədə komandalarda olan məsələlər müzakirə olundu, hesabat dinlənildi. Üstəlik, məşqçilərlə 2025-ci il yanvarın 1-nə kimi müqavilə müddəti artırıldı.

İntizam Komitəsi ilə bağlı müzakirələrimiz də oldu. Müzakirədə İntizam Komitəsinə müfəttəiş təyin olundu. Müzakirə olunmayan mövzular növbəti iclaslarda müzakirə ediləcək".


Klublara ayrılan vəsaitlər və qadın liqası haqda yenilik var?

- Bunlar növbəti iclasda müzakirə olunacaq.

Təsdiq olunan müfəttiş AFFA-da işləyən insandır, yoxsa kənardan dəvət olunub?

- Xeyr, AFFA-nın daxilindən deyil. Nizamnaməyə görə, AFFA-ya aidiyyatı olmayan adam olmalıdır. Bu mənada, AFFA və futbolla bağlı adam deyil. Ən yaxın zamanda AFFA-nın rəsmi saytında bununla bağlı aşıqlama veriləcək.

Lisenziyalaşdırma ilə bağlı dəyişikliklər hansı zərurətdən irəli gəldi?

- Lisenziya mövsumündə müəyyən məsələlər ortaya çıxır. Elə məsələlər var ki, lisenziyalaşdırma qaydalarında nəzərə alınmayıb. Məsələn, ötən il ilk dəfə idi ki, Birinci Liqa klubları lisenziyalaşdırma prosesindən keçirdi. Bu dövrdə müəyyən məsələlər meydana gəlirdi ki, lisenziyalaşdırmada ümumiyyətlə öz əksini tapmayıb. Buna uyğun əlavələr olundu. Hər il UEFA tərəfindən müəyyən bəndlər, tövsiyyələr, tələblər olur.

AFFA-nın strategiyasının yazılması hansı yerdədir? Nələr qalıb, hansı mərhələdədir?

- Artıq son iki ay ərzində bununla bağlı bir sıra görüşlər keçirilmişdi. Görüşlər həm AFFA-ya aid üzvlərlə, həm Regional Futbol Federasiyası, həm Sahə Futbol Federasiya, həm İctimai Birliklər, bütün federasiyalarla görüşlər keçirilmişdi. Mətbuat nümayəndələri ilə də görüşlər keçirildi. Bununla bağlı ictimaiyyətə müraciətlər oldu. Bundan əlavə, AFFA olaraq ictimaiyyətə müraciət etmişdik ki, strategiyanın yazılmasına hansısa əlavə, qeyd, hansısa fikir varsa, istənilən nümayəndə, vətəndaş öz fikirlərilni bizimlə bölüşə bilərdi. 300-dən çox təklif əldə etmişdik. Təkliflər arasında məqsədəuyğun olan və olmayanlar da var idi. Hər biri detallı şəkildə incələnib və bundan sonra da müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub. Yaxın günlərdə Bakıda yenidən görüş planlaşdırılır. Beynəlxalq ekspertlər də ölkəmizə səfər edəcəklər. Nəinki AFFA, AFFA-ya üzv olan federasiyalar, digər qurumlarla da görüş nəzərdə tutulub. Bundan öncə də dövlət qurumları ilə görüşlər keçirildi. Yenə keçiriləcək. Sonda da çalışacağıq ki, futbola yaxın hər bir sahəni bu strategiyanın yazılmasına cəlb edək. İlin sonuna yaxın strategiya tam hazır olmalıdır. 2025-2028-ci illərə aiddir. Düşünürük ki, sözügedən stratgiyanın müsbət tərəfini növbəti illərdə görəcəyik.

Əsas məsələlərdən biri milli komandanın uğursuz çıxışıdır. Artıq futbol ictimaiyyəti və azarkeşlər AFFA-nı sərt tənqidlərə də başlayıb. Müxtəlif yığma komandalarımız son 8 oyunda 8 dəfə uduzub. Bu uğursuzluqlarda AFFA-nın payı nə qədərdir? 

- Uğursuz nəticələr futbol ictimaiyyətini, azarkeşləri necə narahat edirsə, bizi də edir. Biz çalışırıq ki, bu yöndə müəyyən işlər görülsün və gələcəkdə nəticələr müsbətə doğru getsin. Artıq qeyd olunduğu kimi müəyyən strategiyanın yaradılması üzərində iş gedir. Elə işdir ki, bir aya, bir ilə nəticə əldə etmək çətindir. Müəyyən planlı şəkildə iş aparılmalıdır. Ələlxüsus da, uşaq və gənclər futbolunda. Bu da 1-3 ilin işi deyil. Bunu da futboldan anlayışı olan hər kəs başa düşür. Müəyyən strategiyanın, planı tətbiq etməyə başladıqdan növbəti illərdə müsbət nəticələr əldə olunacaq.

AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşdan hesabat tələb etdi?

- Bugünkü görüşdə Fernandu Santuş da iştirak edirdi. Onun fikirləri ilə də tanış olduq. Həmçinin bu gün aşağı yaş qruplarından ibarət yığmalarla bağlı müzakirələr aparıldıqda, Santuşun da fikirləri və ümumiyyətlə, qeydləri nəzərə alındı. Onun da uşaq və gənclər futbolu ilə bağlı müəyyən qeydləri, fikirləri var idi. Bir az öncə qeyd etdiyimiz kimi, strategiyamızın yazılmasında onun da qeydləri nəzərə alınacaq.

Tənqidləri normal qəbul edirsiz?

- Hər birimiz normal yanaşmalıyıq. Yanaşırıq da. Sağlam tənqid olarsa, təbii ki. Tənqidlər müəyyən sərhədləri keçmirsə, ona normal yanaşmalıyıq.

AFFA-nın büdcəsi azalıb, ya artırılacaq?

- Bu dəqiqə bununla bağlı məlumat verə bilmərik.