"Nant" - "Qarabağ" oyunu danimarkalılara tapşırıldı - TANIŞ ÜZ
Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Fransada keçiriləcək "Nant" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb.
mediasport.az xəbər verir ki, UEFA bu matçı Danimarkadan olan briqadaya həvalə edib.
Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir. Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.
Kehlet üçüncü dəfədir ki. çempionumuzun matçına dəvət alır. O, ilk olaraq 2015/2016-cı illər mövsümündə ağdamlıların "Monako"ya məğlub olduğu (0:1) görüşdə ədaləti qoruyub. Avroliqanın İstanbulun “Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"a qarşı keçirdiyimiz və 2:3 hesablı məğlubiyyətimizlə başa çatan qarşılaşmada da baş hakim Kehlet olub.
Danimarkalı hakim bundan əlavə, 2012-ci ildə Avroliqanın qrupunda “Rubin” – “Neftçi” (1:0) və 2015/2016-cı illər mövsümündə "Qəbələ"nin Yunanıstanda PAOK-la qolsuz heç-heçə etdiyi qrup mərhələsinin V tur görüşlərində söz sahibi olub.
Matç oktyabrın 27-də, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.