UEFA-nın Nurlan İbrahimova verdiyi cəza qüvvədə saxlanıldı
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova UEFA tərəfindən verilən cəzanı qüvvədə saxlayıb.
MediaSport.az xəbər verir ki, CAS UEFA-nın verdiyi qərarı dəyişdirməyib.
Bu barədə İbrahimovun vəkili Fəriq Haqverdiyev məlumat verib: “Bir neçə səbəb göstərilib. 150 səhifəlik məktub göndərilib bizə. Daha ətraflı açıqlama verəcəyik. Biz bunu İnsan Hüquqları Məhkəməsi tərəfindən araşdırılmasına nail olmağa çalışacağıq. İdman baxımından bu son qərardır”.
UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub. Buna səbəb N.İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı "feysbuk"da yazdığı status olub.